"Bestcomp Group" və "Cisco" şirkətləri "Trending solutions of an INNOVATIVE DUO" adlı birgə tədbir keçirib

"Cisco" şirkətinin Azərbaycandakı 1-Tier tərəfdaşı olan "Bestcomp Group" sifarişçilər, İT direktorları və informasiya təhlükəsizliyi mütəxəssisləri üçün payız tədbiri keçirib. Tədbir vendorun kibertəhlükəsizlik və bulud həlləri kimi sahələrdə həll və məhsullarına həsr olunub.

Qonaqları "Bestcomp Group"un Baş direktorunun müavini və kommersiya direktoru Xəlil Ələkbərov salamlayıb. Daha sonra çıxışı "Bestcomp Group"un kompleks İT həllərinin satışı şöbəsinin rəhbəri Anar Xanəliyev davam etdirərək qonaqlara hazırda regionun 7 ölkəsində təmsil olunan şirkətin tarixi və strukturu barədə məlumat verib. Onun sözlərinə görə, "Bestcomp Group" təkcə çoxsaylı vendor-tərəfdaşların həllərini deyil, həm də özəl və dövlət sektorları üçün məhsulları özündə birləşdirən öz məhsullarını təklif edir. "Bestcomp Group"da 50-dən çox sertifikatlı mühəndis çalışır, onların aldıqları sertifikatların sayı isə 500-dən çoxdur. Anar Xanəliyev "Cisco" şirkəti ilə tərəfdaşlığa xüsusi diqqət çəkib. Bu əməkdaşlıq sayəsində sözügedən şirkətlər məlumat emalı mərkəzi (MEM), informasiya təhlükəsizliyi və telekommunikasiya həllərinin layihələndirilməsi və tətbiqi sahəsində böyük uğurlar əldə ediblər. Xüsusilə, Tacikistan Respublikasının Maliyyə Nazirliyi üçün Uptime Institute TIER III tələblərinə cavab verən rezerv məlumat emalı mərkəzinin (MEM) yaradılmasını və müvafiq İT infrastrukturunun quraşdırılmasını nəzərdə tutan “Dövlət maliyyəsinin idarə edilməsi, modernləşdirmə layihəsi — 2” layihəsinin uğurla həyata keçirilməsindən danışılıb. Bu layihə Azərbaycanda İKT sahəsində toplanmış bilik və təcrübənin ölkədən kənarda beynəlxalq layihələrdə tətbiqinin uğurlu nümunəsidir.

Tədbir "Bestcomp Group"un satışöncəsi əməliyyatlar üzrə mühəndisi Elbrus Əliyevin "Cisco SD-Access" və "SD-WAN" həllərinə həsr olunmuş təqdimatı ilə davam edib. "Ən yeni Cisco texnologiyasından istifadə edən proqram təminatı ilə müəyyən edilən giriş (Software-Defined Access, SDA) istifadəçi və cihaz girişinin təhlükəsizliyini təmin edir və şirkətinizin kommutasiya mühitinin gələcəyi ola bilər. Bu texnologiya güclü avtomatlaşdırma sayəsində əmək resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsini təmin edə biləcək. Eyni zamanda, proqram təminatı ilə müəyyən edilən qlobal SD-WAN şəbəkəsi, "Cisco vManage" konsolu vasitəsilə idarə olunan məlumat və idarəetmə müstəvilərinin ayrılmasına imkan verən və bulud həllərinin prioritet qaydada tətbiqi prinsipinə əsaslanan arxitekturadır. Şəbəkə sürəti, təhlükəsizliyi və səmərəliliyini artırmaq məqsədilə məlumat emalı mərkəziniz, filiallarınız, bina kompleksləriniz və kolokasiya mərkəzlərinizi qoşmaq üçün tez bir zamanda SD-WAN overlay iş yeri yarada bilərsiniz", — deyə Elbrus Əliyev bildirib.

Tədbirin rəsmi hissəsi "Cisco" şirkətinin sistem arxitektoru Şahin Məmmədovun rəqəmsal təhlükəsizlik sahəsində Cisco həllərinin icmalına həsr olunmuş çıxışı ilə başa çatıb. "Cisco" eksperti şirkətin post-COVID dövründə kiberdayanıqlılığın təmin edilməsinə və hibrid iş üçün kibertəhlükəsiz şəraitin yaradılmasına yanaşmasından danışıb. Qeyd olunub ki, "Cisco" şirkəti kibertəhlükəsizliyi təmin etmək üçün "Zero Trust" və "Duo Access Management" kimi yanaşmalardan istifadə edir. Spiker bildirib ki, Duo çoxfaktorlu autentifikasiyası "Cisco" şirkətinin aparıcı "sıfır etibar modeli" platformasının tərkibinə daxildir və istənilən cihazdan istənilən istifadəçinin istənilən mühitdə istənilən İT tətbiqinə təhlükəsiz girişini təmin edir. Bu həll çoxsaylı autentifikasiya məhsulları tələb etmədən və ya təhlükəsizlikdə kritik boşluqlar buraxmadan bulud əsaslı və lokal korporativ tətbiqlərin istənilən kombinasiyası üçün qüsursuz müdafiə təmin edir.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar ünsiyyəti qeyri-rəsmi şəraitdə davam etdirə biliblər.