“AZEMIS” Məhkəmə İdarəetmə Sistemi Azərbaycanda müxtəlif məhkəmə qurumlarında hüquqi prosesləri rəqəmsal olaraq dəyişdirmiş və müəyyən edilmiş prosesləri effektiv və səmərəli Elektron Məhkəmə sisteminə çevirmişdir. Bu sistemə müvəffəqiyyət qazandıran başlıca amil onun bütün məhkəmə instansiyalarını və növlərini vahid sistemdə birləşdirməsi, prosesləri sürətləndirməsi, qanunvericiliyin tələblərinə uyğun çoxsaylı hesabatlar hazırlaması və məhkəmə qurumlarının fəaliyyətini qiymətləndirməyə yardım etməsidir.  Elektron Məhkəmə sistemi məhkəməyə daxil olan bütün növ işlərin qeydiyyatdan keçməsinə və avtomatik şəkildə mürəkkəb alqoritmlərə əsaslanaraq hakimlər arasında bölüşdürülməsinə imkan yaradır. Hazırda 800-dən çox sənəd növü əvvəlcədən tərtib edilmiş şablonlara əsasən avtomatik olaraq yaradıla bilər, bu da vaxta qənaət edir.

“AZEMİS” Beynəlxalq mükafata layiq görülüb.

BestComp Group fəaliyyəti dövründə onlarla mükafat və diplomlarla təltif edilmişdir. Bunların arasında bizim məhsulumuz “AZEMİS”-in qazandığı  mükafat xüsusilə qürurvericidir. Azərbaycan Respublikasının təqdim etdiyi “AZEMİS” elektron məhkəmə sistemi Şotlandiyanın Edinburq şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən təşkil edilən “Məhkəmə Nəbzi İdarəetmə İnqilabı” (Court Pulse the Management Revolution) adlı təşəbbüs üçün “Ədalət Mühakiməsinin Billur Tərəzisi 2017” (Crystal Scales of Justice Prize 2017) mükafatını əldə etmişdir.