Təhsilin İnkişafı Fondu İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirib

İyulun 18-də Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən universitet-sənaye işbirliyi mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirilib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulmasıdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Universitet-sənaye işbirliyi və İT” mövzusunda təqdimatla çıxış edib. Rektor bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır. Bu işbirliyində İT sektorunun inkişafı da mühüm amildir. Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıqlar qurulmalıdır.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdırıb. TİF İdarə Heyətinin sədri müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını bildirib. Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir.

Tədbirdə iştirak edən “Bestcomp Group” QSC-nin insan resursları şöbəsinin rəhbəri Fuad Qəmbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.

Yekunda TİF sədri E.Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb və bütün iştirakçılara təşəkkürünü bildirib.