Bestcomp Group şirkətinin nümayəndələri Elektron Hökumət üzrə İcra Qrupunun görüşündə iştirak edib

16 mart 2022-ci il tarixində Şamaxı rayonunda Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil olunub. Görüşdə dövlət qurumlarının və Bestcomp Group şirkətinin nümayəndələri, həmçinin digər aidiyyatı şəxslər iştirak ediblər.

Görüşdə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov rəqəmsal hökumət ekosisteminin qarşısında duran çağırışlar, bu istiqamətdə atılan addımlar və gələcəyə baxış, dövlət informasiya sistemləri və xidmət dizaynı üzrə standartlar, data əsaslı xidmət konsepsiyasının yaradılması, İKT sahəsində kadr hazırlığı və digər məsələlər haqqında danışıb.

Tədbirdə, həmçinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin təşkili, Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı taktiki addımlar, dövlət informasiya sistemlərinə aid verilənlər bazasında mövcud olan məlumatların yenidən strukturlaşdırılması, “ASAN Bridge” Milli Məlubat Mübadiləsi Sistemi, kibertəhlükəsizlik alt qrupunun hesabatı ətrafında məruzələr edilib, geniş fikir mübadiləsi aparılıb.

İclasda təqdimatla çıxış edən Bestcomp Group şirkətinin aparıcı satış meneceri Anar Xanəliyev və rəqəmsal transformasiya departamentinin direktoru Orxan Bədəlov tədbir iştirakçılarına şirkət haqqında, şirkətin məhsulları, təqdim etdiyi xidmət və həlləri haqqında geniş məlumat vermişdir. Həmçinin Bestcomp Group şirkətinin daim innovativ həllərlə fərqlənərək ölkənin informasiya texnologiyaları sahəsinin inkişafında,”Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində dövlət və özəl sektorun rəqəmsallaşmasının təşkilində xüsusi rolu olduğu da qeyd olunmuşdur.