AZ
Böyük dil modelləri son illərdə məntiqi nəticəçıxarma və cavabların keyfiyyəti baxımından əhəmiyyətli dərəcədə inkişaf edib. Bununla belə, ən güclü model belə ehtiyac duyduğu məlumatlara çıxış əldə edə bilmədikdə öz imkanlarını tam reallaşdıra bilmir. Şirkətdaxili sənədlər, verilənlər bazaları, Slack mesajları və ya kod depoları adətən ayrı-ayrı sistemlərdə, bir-birindən qopuq "məlumat adaları" içində saxlanılır.
İndiyədək süni intellekt köməkçisini hər yeni məlumat mənbəyinə qoşmaq həmin mənbə üçün xüsusi inteqrasiya yazmaq demək idi. Anthropic-in bəyanatında qeyd edildiyi kimi, bu vəziyyət həqiqətən bir-birinə bağlı sistemləri miqyaslandırmağı çətinləşdirirdi. Model Context Protocol (MCP) məhz bu problemi həll etmək üçün yaradıldı.
Model Context Protocol süni intellekt tətbiqlərini məlumatların və alətlərin yerləşdiyi sistemlərə qoşan açıq mənbəli standartdır. Anthropic protokolu 25 noyabr 2024-cü ildə açıq mənbə kimi elan etdi. MCP şirkət daxilində David Soria Parra və Justin Spahr-Summers tərəfindən hazırlanmışdır.
Sadə dillə desək, MCP böyük dil modelləri ilə xarici dünya arasında ortaq dil yaradır. Model fayl sistemlərinə, verilənlər bazalarına, API-lərə və biznes tətbiqlərinə hər biri üçün ayrıca kod yazılmadan, vahid protokol vasitəsilə çıxış əldə edə bilir. Əlaqə ikitərəflidir, yəni model həm məlumat oxuya, həm də alətlər vasitəsilə əməliyyat icra edə bilir.
MCP-ni izah etmək üçün ən çox istifadə olunan bənzətmə USB-C-dir. Əvvəllər hər cihazın özünəməxsus kabeli var idi, USB-C ilə vahid port həm şarj, həm görüntü, həm də məlumat ötürülməsini vahid formaya saldı. MCP də süni intellekt tətbiqləri üçün eyni rolu oynayır - müxtəlif alətlər və məlumat mənbələri modelə standart bir "port" vasitəsilə qoşulur.
Mühüm bir məqamı qeyd etmək lazımdır ki, MCP agent çərçivəsi (framework) deyil. O, LangChain, LangGraph və ya crewAI kimi orkestrasiya alətlərini əvəz etmir, onları tamamlayır. Hansı alətin nə vaxt çağırılacağına MCP deyil, istifadəçinin sorğusuna əsasən model qərar verir, MCP digər sistemlərə qoşulmanı təmin edir.
MCP-nin həll etdiyi əsas problem "N×M inteqrasiya problemi" kimi tanınır. Standart protokol olmadıqda hər süni intellekt tətbiqi hər xarici xidmətlə ayrıca inteqrasiya olunmalıdır. N sayda süni intellekt sistemi və M sayda qoşulmalı məlumat mənbəyi varsa, cəmi N×M ayrıca inteqrasiya yazmaq lazım gəlir.
Konkret nümunə: 5 süni intellekt tətbiqini 10 müxtəlif sistemə (Slack, GitHub, Postgres, Google Drive və s.) qoşmaq istədiyinizi təsəvvür edin. Ənənəvi üsulla 50 ayrıca konnektor yazmaq və onlara qulluq etmək lazımdır. MCP ilə isə hər tətbiq və hər server protokolu yalnız bir dəfə tətbiq edir, ümumi iş 15-ə enir. İnteqrasiyaların sayı N×M-dən N+M-ə düşür.
Problem təkcə say deyil. Hər xidmət təminatçısı öz API-nı fərqli qurur, fərqli giriş məlumatları tələb edir, fərqli çıxış sxemləri qaytarır. Bu alətlərdən birindəki kiçik dəyişiklik bütün iş axınını çökdürə bilər. Autentifikasiya, API açarları və icazələrin hər biri üçün ayrıca idarə olunması da mühəndislərin üzərinə ciddi yük yaradır.
MCP müştəri-server modelinə əsaslanır və üç əsas komponentdən ibarətdir:
MCP host - İstifadəçinin qarşılıqlı əlaqədə olduğu süni intellekt tətbiqidir, dil modeli burada işləyir. Claude Desktop, Claude Code, Cursor kimi süni intellekt dəstəkli IDE-lər və ya söhbət tətbiqləri host nümunələridir. Host söhbətin vəziyyətini və orkestrasiya məntiqini idarə edir.
MCP client - Hostun daxilində yerləşən və serverlə əlaqəni həyata keçirən komponentdir. Modelin sorğularını protokol mesajlarına çevirir, cavabları isə modelin başa düşəcəyi formata salır. Sessiyanın idarə olunması, vaxt aşımları, yenidən qoşulma və xətaların idarə edilməsi də bu komponentin vəzifəsidir. Bir host bir neçə client saxlaya bilər, lakin hər client yalnız bir serverlə birbaşa əlaqə qurur.
MCP server - Modelə kontekst, məlumat və ya imkan təqdim edən xarici xidmətdir. Slack, GitHub, Google Drive, PostgreSQL, Docker və ya veb axtarışı üçün yazılmış serverlər geniş yayılmış nümunələrdir. Serverlər lokal kompüterdə, buludda və ya hibrid mühitdə işləyə bilər.
MCP serverləri modelə üç növ imkan təqdim edir. Birincisi resurslardır (resources): onlar yalnız məlumat qaytarır və heç bir əməliyyat icra etmir; məsələn, bir sənəd, verilənlər bazasının sətri və ya faylın məzmunu. İkincisi alətlərdir (tools): onlar yan təsiri olan əməliyyatlar yerinə yetirir, məsələn, hesablama aparmaq, API çağırmaq, qeydi yeniləmək və ya e-poçt göndərmək. Üçüncüsü isə prompt şablonlarıdır (prompts): təkrar istifadə oluna bilən hazır şablonlar və iş axınlarıdır, məsələn, hazır "kod yoxlanışı" və ya "hesabat xülasəsi" şablonu.
Client ilə server arasındakı bütün mesajlar JSON-RPC 2.0 formatında ötürülür. Üç mesaj növü var: sorğular (cavab gözləyir), cavablar və bildirişlər (cavab gözləmir). İki əsas nəqliyyat üsulu önə çıxır:
• stdio (standart giriş/çıxış): Lokal resurslar üçün idealdır, sürətli və sinxron mesajlaşma təmin edir. Məlumat şəbəkə üzərindən ötürülmədiyi üçün həssas informasiya baxımından da üstünlüklüdür.
• HTTP + SSE (server-sent events): Uzaq resurslar üçün üstünlük verilir, real vaxt axını təmin edir və eyni serverə bir neçə tətbiq qoşula bilər.
MCP-ni klassik API-lərdən fərqləndirən başqa bir xüsusiyyət əlaqənin ikitərəfli olmasıdır. Server irəliləyiş bildirişləri göndərə, qismən nəticələri axın şəklində ötürə, hətta istifadəçidən əlavə məlumat istəyə bilər.
Süni intellekt köməkçisinə belə bir sorğu verdiyinizi təsəvvür edin: "Verilənlər bazamızdakı ən son satış hesabatını tap və rəhbərimə e-poçtla göndər." İş axını belə işləyir:
1. Alətlərin aşkarlanması: Model verilənlər bazasına çıxışının olmadığını və təkbaşına e-poçt göndərə bilmədiyini bilir. MCP client vasitəsilə mövcud alətləri sorğulayır və iki uyğun alət tapır: database_query və email_sender.
2. Alətin çağırılması: Model hesabatın adını göstərərək database_query aləti üçün strukturlaşdırılmış sorğu yaradır. Client bu sorğunu müvafiq serverə ötürür.
3. Xarici əməliyyat: Server sorğunu təhlükəsiz SQL sorğusuna çevirir, hesabatı əldə edir, formatlayır və modelə geri göndərir.
4. İkinci əməliyyat: Hesabat məlumatına sahib olan model bu dəfə rəhbərin ünvanı və hesabatın məzmunu ilə email_sender alətini çağırır. Server e-poçtun göndərildiyini təsdiqləyir.
5. Yekun cavab: Model istifadəçiyə əməliyyatın tamamlandığını bildirir.
Diqqət yetirilməli məqam: model hansı alətlərin mövcud olduğunu əvvəlcədən "əzbər" bilmək məcburiyyətində deyil. MCP serverləri öz imkanlarını maşın tərəfindən oxuna bilən formatda dərc edir, model isə onları iş zamanı aşkarlayır.
1. Daha az halüsinasiya
Modellər cavablarını yalnız təlim məlumatlarından təxmin etmək əvəzinə aktual və etibarlı mənbələrdən gələn məlumatlara əsaslandıra bilir. Databricks qaytarılan məlumatların mənbə identifikatoru və vaxt möhürü kimi mənşə məlumatları daşıya bildiyini qeyd edir. Bu, nəticələri izlənilə bilən edir və tənzimlənən sektorlarda mühüm üstünlükdür.
2. Daha sadə inkişaf prosesi
Hər yeni məlumat mənbəyi üçün xüsusi konnektor yazmaq əvəzinə protokol bir dəfə tətbiq olunur. Bir dəfə yazılmış server müxtəlif hostlar və modellər tərəfindən təkrar istifadə edilə bilər.
3. Təchizatçıdan asılılığın azalması
MCP açıq standart olduğu üçün müəyyən bir şirkətə bağlı deyil. Bu, LLM təminatçıları arasında keçidi asanlaşdırır və yeni alətlərin böyük dəyişikliklər olmadan əlavə edilməsinə imkan verir.
4. Agent əsaslı avtomatlaşdırma
MCP süni intellekti sadəcə söhbət alətindən əməliyyat icra edə bilən agentə çevirir. Bu sayədə daha mürəkkəb, çoxaddımlı tapşırıqlar insan müdaxiləsi olmadan avtomatlaşdırıla bilir.
Proqram tərtibatı: Kod köməkçiləri MCP vasitəsilə kod depolarına, fayllara və alətlərə qoşulur. Beləliklə, model ümumi fərziyyələrlə deyil, layihənin canlı konteksti ilə işləyir.
Bilik bazası və müştəri dəstəyi: Dəstək köməkçisi daxili sənədlərdən və bilet sistemlərindən lazımi məlumatı real vaxtda əldə edə, yeni dəstək sorğusu aça bilər.
Biznes əməliyyatları: CRM qeydinin yenilənməsi, SQL sorğusunun icrası, hesabatların hazırlanması və e-poçt göndərilməsi kimi tapşırıqlar vahid standart üzərindən idarə olunur.
Təhlükəsizlik və IT əməliyyatları: Köməkçi bir neçə sistemdən log məlumatlarını toplaya, sübutları ümumiləşdirə və əlaqəli sistem məlumatlarını bir iş axınında təqdim edə bilər.
Çoxagentli sistemlər: MCP agentlərin ortaq alətləri bölüşdüyü iş sahəsi yaradaraq agentlər arasında koordinasiyanı asanlaşdırır.
MCP süni intellekti daha faydalı etməklə yanaşı, hücum səthini də genişləndirir. Palo Alto Networks-ün vurğuladığı kimi, protokol struktur təqdim edir, lakin korporativ təhlükəsizliyi özü-özlüyündə həll etmir. Təhlükəsizlik böyük ölçüdə tətbiqetmədən asılıdır.
MCP əsaslı sistemlərdə diqqət yetirilməli olan əsas təhlükəsizlik risklərindən biri məlumat sızmasıdır. MCP serverlərinə həddindən artıq geniş giriş səlahiyyətlərinin verilməsi süni intellekt tətbiqlərinin nəzərdə tutulduğundan daha çox məlumat əldə etməsinə və ya icazə verilməyən əməliyyatlar həyata keçirməsinə şərait yarada bilər.
Digər mühüm təhlükə prompt injection hücumlarıdır. Bu zaman veb-səhifələr, sənədlər, kod faylları və digər xarici mənbələrdə gizlədilmiş zərərli təlimatlar modelin davranışına və alətlərdən istifadə qərarlarına təsir göstərir.
Tool Schema Manipulation (alət sxeminin manipulyasiyası) hücumlarında isə MCP serverinin təqdim etdiyi alət təsvirlərinə və parametr sxemlərinə zərərli və ya aldadıcı dəyişikliklər edilir. Nəticədə model yanlış yönləndirilərək nəzərdə tutulmayan alətləri çağıra və arzuolunmaz əməliyyatlar həyata keçirə bilər.
Təchizat zənciri hücumlarında (Supply Chain Attacks) isə saxta və ya komprometasiya edilmiş MCP serverləri, paketlər və proqram asılılıqları açıq reyestrlər vasitəsilə sistemlərə daxil edilir.
Rug Pull hücumlarında ilkin təhlükəsizlik yoxlamasından keçərək etibar qazanmış server sonradan alətlərin təsvirini, sxemini və ya davranışını istifadəçinin xəbəri olmadan dəyişdirir. Beləliklə, əvvəlcə təhlükəsiz görünən alət sonradan zərərli əməliyyatlar həyata keçirə bilər.
Digər mühüm risk etimadnamələrin sızmasıdır (Credential Leakage). MCP konfiqurasiya fayllarında API açarlarının və giriş tokenlərinin açıq mətn şəklində saxlanılması həmin məlumatların ələ keçirilməsi və icazəsiz giriş üçün istifadə edilməsi ilə nəticələnə bilər.
• Ən az səlahiyyət prinsipi: Serverlər yalnız həqiqətən lazım olan resurs və alətləri açmalı, mümkün olduqca yalnız oxuma çıxışına üstünlük verilməlidir.
• İstifadəçi razılığı və nəzarəti: Google Cloud-a görə istifadəçilər modelin hansı məlumatlara çıxış əldə edəcəyini və hansı əməliyyatları icra edəcəyini aydın görməli və təsdiqləməlidir.
• Autentifikasiya və şifrələmə: Uzaq bağlantılarda TLS məcburi olmalı, məhdud əhatəli etimadnamələr və tokenlərin müntəzəm yenilənməsi tətbiq edilməlidir.
• Giriş məlumatlarının yoxlanması: JSON Schema ilə həm client, həm də server tərəfində yoxlama aparılmalı, çıxışlar XSS kimi hücumlara qarşı təmizlənməlidir.
• Monitorinq və audit: Hansı alətin nə vaxt çağırıldığı və hansı məlumatlara çıxış əldə edildiyi qeydə alınmalıdır.
• Vəziyyəti dəyişən alətlərdə insan təsdiqi: Məlumat silən, ödəniş edən və ya istehsal sistemlərinə təsir göstərən əməliyyatlar üçün insan təsdiqi və siyasət yoxlamaları tətbiq olunmalıdır.
• Etibarlı mənbələr: Alət təsvirlərinə yalnız etibarlı serverlərdən gəldikdə etibar edilməli, birdəfəlik təsdiq əvəzinə davamlı yoxlama aparılmalıdır.
MCP tez-tez API-lər və RAG (Retrieval-Augmented Generation) ilə qarışdırılır. Hər üçü modelə xarici məlumat təqdim edir, lakin fərqli problemləri həll edir.
Ənənəvi API-lar tətbiqlər arasında məlumat mübadiləsi üçün nəzərdə tutulub. Onların son nöqtələri əvvəlcədən koda yazılır, əməliyyat icra etmək mümkündür, lakin hər biri üçün xüsusi inteqrasiya tələb olunur.
RAG-ın məqsədi cavab yaratmazdan əvvəl bilik bazasından müvafiq mətni gətirməkdir. O, indeksləşdirilmiş məzmun üzrə axtarış aparır, adətən yalnız oxuma rejimində işləyir və məlumatların aktuallığı indeksləşdirmə anından asılıdır. Sual-cavab sistemləri və sənədlərin xülasəsi onun tipik istifadə sahələridir.
MCP isə modelin alətlər və məlumatlarla standart şəkildə qarşılıqlı əlaqəsini təmin edir. İmkanlar iş zamanı aşkarlanır, model həm məlumat oxuya, həm də əməliyyat icra edə bilir, məlumatlar isə canlıdır. Agentlər, CRM yenilənməsi və kodun icrası onun tipik istifadə sahələridir.
Bunlar bir-birinin rəqibi deyil, tamamlayıcısıdır. Hibrid yanaşmada az dəyişən məzmun RAG ilə sürətlə gətirilir, ani sorğular, SQL icrası və əməliyyatlar isə MCP ilə həyata keçirilir.
MCP artıq tək bir şirkətin nəzarətində deyil. Protokol 2025-ci ilin dekabrında Linux Foundation-a bağışlanıb və Anthropic, Block və OpenAI-ın həmtəsisçisi olduğu Agentic AI Foundation (AAIF) tərəfindən idarə olunur. Spesifikasiyadakı dəyişikliklər icma yönümlü təklif prosesindən (SEP) keçir. Python, TypeScript, Java və C# daxil olmaqla bir çox dildə SDK və hazır serverlər mövcuddur.