27 Avqust 2026

Əməliyyat texnologiyası: Sənayenin görünməyən rəqəmsal dünyası

Əməliyyat texnologiyası: Sənayenin görünməyən rəqəmsal dünyası

Sənaye əməliyyatları sahəsində yeni anlayışlar və texnologiyalar ortaya çıxmağa davam edir. Lakin Əməliyyat Texnologiyaları (Operational Technology və ya OT) heç də yeni anlayış deyil. Əslində, OT bir çox İnformasiya Texnologiyaları (IT) formalarından daha əvvəl mövcud olub və onilliklər ərzində sənaye mühitlərinin, eləcə də fiziki proseslərin idarə edilməsinə və nəzarətinə cavabdeh sistemlərin əsasını təşkil edib.

Əməliyyat Texnologiyaları (OT) təşkilat daxilində fiziki cihazları, prosesləri və hadisələri monitorinq etmək, idarə etmək və nəzarətdə saxlamaq üçün istifadə olunan aparat və proqram sistemlərini əhatə edir. Əsas fokusu məlumatlara, informasiyaya və biznes sistemlərinə yönəlmiş İnformasiya Texnologiyalarından (IT) fərqli olaraq, OT istehsal, enerji paylanması, nəqliyyat və obyektlərin idarə edilməsi kimi sahələrdə fiziki proseslərin performansı, etibarlılığı və təhlükəsizliyi ilə məşğul olur. OT sistemləri istehsal, neft və qaz, kommunal xidmətlər və səhiyyə kimi sənaye sahələrində mühüm rol oynayaraq təşkilatlara səmərəli, etibarlı və təhlükəsiz əməliyyatları qoruyub saxlamağa kömək edir.

İstehsal müəssisələrindən enerji istehsalı obyektlərinə qədər OT sistemləri kritik avadanlıqların və proseslərin təhlükəsiz və səmərəli şəkildə işləməsi üçün vacibdir. Bu texnologiyaların böyük bir hissəsi pərdə arxasında fəaliyyət göstərsə də, əsas sənaye əməliyyatlarının fasiləsiz davam etməsində fundamental rol oynayır. Eyni zamanda qeyd etmək lazımdır ki, OT statik deyil. O, yeni texnologiyaları və imkanları özündə birləşdirərək inkişaf etməyə davam edir. Rəqəmsal texnologiyalar sənaye mühitlərinə getdikcə daha çox inteqrasiya olunduqca, OT və IT sistemləri arasındakı artan əlaqə təşkilatlara daha ağıllı, daha əlaqəli və məlumat əsaslı əməliyyatlar qurmağa imkan verir.


OT mühiti nələrdən ibarətdir?

OT müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuş çoxsaylı komponentlər üzərində qurulub. Ən geniş yayılmış OT komponentlərinə aşağıdakılar daxildir:

Sənaye idarəetmə sistemləri (ICS): Bunlar mürəkkəb sənaye proseslərini avtomatlaşdıran və idarə edən ümumi sistemlərdir.

Paylanmış idarəetmə sistemləri (DCS): DCS sistemləri bir obyekt daxilində istehsal proseslərini idarə edir və nəzarətdə saxlayır. Bu, zavodlar və elektrik stansiyaları kimi müəssisələrdə lokallaşdırılmış avtomatlaşdırmağa imkan verir.

Nəzarət və məlumatların toplanması sistemləri (SCADA): SCADA sistemləri paylanmış sensorlardan məlumat toplayaraq real vaxt rejimində monitorinq və idarəetmə üçün həmin məlumatları mərkəzi sistemə ötürür. Bu sistemlər kommunal xidmətlər kimi genişmiqyaslı infrastrukturların idarə edilməsini dəstəkləyir.

Proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC): konkret və təkrarlanan tapşırıqları yerinə yetirən ixtisaslaşmış kompüterlərdir. Onlar proseslərin etibarlılığını artırmaq üçün adətən istehsal xətlərində və ya montaj avadanlıqlarında istifadə olunur.

Uzaq terminal qurğuları (RTU): RTU-lar uzaq və ya əlçatmaz ərazilərdən məlumat toplayaraq onları mərkəzi sistemlərə ötürür. Bu qurğulara adətən su idarəetməsi və elektrik kommunal xidmətləri kimi sahələrdə rast gəlinir.

Aktuatorlar və son idarəetmə elementləri: Aktuatorlar idarəetmə siqnallarını fiziki hərəkətə çevirir. Klapanlar, hava klapanları, nasoslar və mühərriklər kimi son idarəetmə elementləri isə həmin əmrlərə uyğun olaraq prosesin şərtlərini birbaşa dəyişdirir.

İnsan-maşın interfeysləri (HMI): HMI-lar sistemin vəziyyəti haqqında real vaxt məlumatı təqdim edir və operatorlara lazım olduqda avadanlıqla qarşılıqlı əlaqə yaratmağa və onu idarə etməyə imkan verir. Bu da situasiya barədə məlumatlılığı artırır.

Sənaye Əşyaların İnterneti (IIoT) cihazları: Bunlar ənənəvi Əşyaların İnterneti (IoT) texnologiyalarının daha ixtisaslaşmış variantıdır. Bu əlaqəli sensorlar və aktuatorlar fiziki sənaye aktivlərindən məlumat toplayaraq və paylaşaraq ağıllı əməliyyatları dəstəkləyir və Industry 4.0 inkişaflarının əsas komponentlərindən birini təşkil edir.


Harada istifadə olunur?

• Neft və qaz. Quyu başlığının idarə edilməsi, kommersiya uçotu üçün ölçmə sistemləri (custody transfer metering), boru kəmərləri üçün SCADA, fövqəladə söndürmə sistemləri, yanğın və qaz aşkarlama sistemləri.

• Energetika. Turbin və generatorların idarə edilməsi, IEC 61850 standartı əsasında yarımstansiyaların avtomatlaşdırılması, mühafizə releləri, paylayıcı SCADA sistemləri.

• Su və kommunal xidmətlər. Su təmizləmə qurğularının idarə edilməsi, su anbarlarından və nasos stansiyalarından telemetriya məlumatlarının toplanması, təzyiq və sızmaların monitorinqi.

• İstehsal və nəqliyyat. İstehsal xətlərində PLC-lər, CNC dəzgahları, robotlaşdırılmış istehsal hüceyrələri. Dəmir yolu siqnallaşdırması və interlokinq sistemləri, metro idarəetmə otaqları, baqajın daşınması sistemləri.

• Binalar və səhiyyə. HVAC sistemləri, işıqlandırma, liftlər, girişə nəzarət, müşahidə sistemləri. Klinik sahədə isə görüntüləmə avadanlıqları və pasiyent monitorları IT-dən daha çox OT sistemlərinə bənzəyir, baxmayaraq ki, onlar adətən IT departamentinin aktivlər reyestrində yer alır.


OT və IT arasındakı əsas fərqlər nələrdir?

OT və IT saysız-hesabsız şəkildə bir-biri ilə kəsişsə də, onların məqsədləri, arxitekturaları və istismar tələbləri əsaslı şəkildə fərqlənən iki ayrı texnoloji dünyadır. IT əsasən əsas biznes fəaliyyətlərini dəstəkləmək üçün məlumatların emalı, saxlanması və paylanması ilə məşğul olur. OT isə fiziki cihazların, proseslərin və sənaye avadanlıqlarının birbaşa monitorinqi və idarə edilməsinə yönəlib.

IT mühitləri əsasən ofis və ya bulud mərkəzlidir. Onlar ümumi təyinatlı avadanlıqlara — serverlərə, masaüstü kompüterlərə, noutbuklara və mobil cihazlara — əsaslanır və bu avadanlıqlarda e-poçt, verilənlər bazaları və analitika üçün geniş istifadə olunan əməliyyat sistemləri və korporativ tətbiqlər işləyir. OT mühitləri isə yüksək məsuliyyət tələb edən sənaye şəraitində işləmək üçün qurulmuşdur. Burada uzunömürlülük və etibarlılıq üçün hazırlanmış ixtisaslaşmış, bəzən istehsalçıya məxsus aparat və proqram təminatından istifadə edilir. Bu sistemlərdə müntəzəm yenilənmələr olmadan 10–20 il və ya daha çox işləyən köhnə cihazlar olur bəzən.

Bu fərq şəbəkə dizaynında da özünü göstərir. IT şəbəkələri yüksək ötürmə qabiliyyəti və geniş bağlantı üçün optimallaşdırılır ki, məlumatlar sərbəst şəkildə hərəkət edə bilsin. OT şəbəkələri isə deterministikliyə — paketlərin minimal gecikmə və ya jitter ilə zəmanətli və proqnozlaşdırıla bilən şəkildə çatdırılmasına — uyğunlaşdırılır. Bunun səbəbi idarəetmə dövrlərinin dəqiq zamanlamadan asılı olmasıdır.

Məlumatların idarə edilməsi də fərqlidir. IT-də məlumatlar ayrı-ayrı əməliyyatlar, sənədlər və hesabatlar üzərində cəmlənir və bir neçə saniyə, hətta dəqiqəlik gecikmə adətən ciddi zərər yaratmır. OT-də isə məlumatlar sensorlardan aktuatorlara fasiləsiz şəkildə ötürülür və dərhal fiziki hərəkəti işə salır, məsələn, nasazlıq yaranmış turbinin söndürülməsi. Burada hətta bir millisaniyəlik gecikmə avadanlığın zədələnməsinə və ya təhlükəsizlik insidentinə səbəb ola bilər.

Dəyişikliklərin idarə edilməsi də digər fərqləndirici məqamlardan biridir. IT mədəniyyəti eksperimentləri və sürətli iterasiya dövrlərini təşviq etdiyi halda, OT hər şeydən əvvəl sabitliyi və proqnozlaşdırıla bilməni üstün tutur. IT sistemləri tez-tez yenilənir, onlara düzəlişlər edilir və yenidən yerləşdirilir. Yeni funksiyalar əlavə etmək və ya təhlükəsizlik yeniləmələrini tətbiq etmək üçün müəyyən qədər dayanmanı qəbul edə bilirlər. Bu işlərə proqram təminatı tərtibatçıları, şəbəkə mühəndisləri və kibertəhlükəsizlik komandaları nəzarət edir.

Bütün bu fərqlərə baxmayaraq, IIoT-nin inkişafı və Industry 4.0-ın yayılması OT və IT sistemlərini bir-birinə getdikcə daha da yaxınlaşdırır. Industry 4.0 — süni intellekt, big data, bulud hesablamaları və ağıllı avtomatlaşdırma kimi qabaqcıl rəqəmsal texnologiyalar üzərində qurulan istehsal və sənaye əməliyyatlarını ifadə edir.


İdarə edilməsi

Əməliyyat Texnologiyalarının İdarə Edilməsi (OTM) sənaye proseslərini işlədən sistem və cihazların nəzarətdə saxlanılması, təhlükəsizliyinin təmin edilməsi və texniki vəziyyətinin qorunması praktikasını ifadə edir. Effektiv OT idarəetməsi kritik sistemlərin və fiziki proseslərin nəzərdə tutulduğu kimi işləməsini təmin edir, plansız dayanma və digər əməliyyat pozuntuları ilə bağlı riskləri azaldır.

Sənaye sahələri OT-ni IT şəbəkələri ilə getdikcə daha çox əlaqələndirdikcə bu sahənin əhatə dairəsi də genişlənib. OT və IT-nin daha sıx inteqrasiyası əməliyyatlar üzrə daha geniş görünürlük və səmərəlilik təmin edir. Kompleks OT idarəetmə praktikalarının tətbiqi ilə təşkilatlar aktivlərin vəziyyətini izləyə, insidentlərə cavabvermə prosesini optimallaşdıra və həm kibertəhlükələrə, həm də əməliyyat risklərinə qarşı dayanıqlılığı gücləndirə bilərlər. Bu, kritik infrastrukturun qorunmasını asanlaşdırır. Eyni zamanda, daha məlumat əsaslı qərarların qəbul edilməsinə imkan verən aydın məlumat və nəticələr əldə edilir.


Ümumilikdə proses belə işləyir:

1. Aktivlərin inventarının yaradılması. Hər bir kontroller, sensor, sürücü və mühəndis noutbuku nəzərə alınmalıdır. Bu proses passiv şəkildə aparılmalıdır, çünki aktiv aşkarlama risk yarada bilər. Bu mərhələ həmişə planlaşdırıldığından daha çox vaxt aparır və ondan sonrakı bütün mərhələlər inventarın düzgün aparılmasından asılıdır.

2. Məlumatların toplanması və təhlil edilməsi. Performans tendensiyalarını, anormal davranışları və texniki xidmətlə bağlı qərarların qəbul edilməsinə təsir edən məlumatları müəyyənləşdirin.

3. Risklərin qiymətləndirilməsi və seqmentasiyası. OTM OT aktivləri ilə bağlı təhlükəsizlik risklərini qiymətləndirir və şəbəkə seqmentasiyası və girişə nəzarət kimi qoruyucu tədbirlər tətbiq edir. Bu mərhələ istismar edilə biləcək zəifliklərin azaldılmasına kömək edir.

4. Operatorların etibar etdiyi xəbərdarlıq sisteminin yaradılması. Aşkarlama mexanizmləri sənaye protokollarına və konkret prosesdə normal hesab edilən davranışlara uyğun şəkildə tənzimlənməlidir. Avtomatlaşdırılmış cavabvermə məqbuldur, lakin işləyən prosesə insanın razılığı olmadan heç bir müdaxilə edilməməlidir.

5. Texniki xidmətin planlaşdırılması. Profilaktik və vəziyyətə əsaslanan texniki xidmət həyata keçirilməli, ehtiyat hissələri strategiyası hazırlanmalı və bütün həyat dövrü ərzində firmware vəziyyəti nəzərə alınmalıdır.

6. Qeydlərin və sənədlərin qorunması. Tənzimləyici qurumlar və auditorlar sübut tələb edir. Eyni zamanda, təşkilatın öz rəhbərliyi də buna ehtiyac duyur.


Biz harada rol oynayırıq?

Əməliyyat texnologiyaları müasir sənaye müəssisələrinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Bu sistemlərin effektiv işləməsi yalnız ayrı-ayrı avadanlıqların seçilməsindən ibarət deyil. Düzgün OT infrastrukturunun layihələndirilməsi, qurulması, mövcud IT sistemləri ilə inteqrasiyası, idarə edilməsi və davamlı monitorinqi kompleks yanaşma tələb edir.

Bestcomp Group müəssisələrin ehtiyaclarına uyğun OT infrastrukturunun layihələndirilməsi, qurulması və inteqrasiyası, eləcə də sistemlərin idarə edilməsi və monitorinqi, onların təhlükəsizliyinin və dayanıqlılığının təmin olunması üçün kompleks texnoloji həllər təqdim edir.

Bu yanaşma çərçivəsində Bestcomp Group müəssisələrə kritik infrastrukturun qurulması, şəbəkə və sistemlərin inteqrasiyası, avadanlıqların və aktivlərin monitorinqi, təhlükəsizlik tədbirlərinin tətbiqi, texniki xidmət və sistemlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi kimi proseslərdə dəstək göstərə bilər.

Bestcomp Group-un məqsədi sadəcə texnoloji sistemlər qurmaq deyil. Məqsəd bu sistemlərin müəssisənin uzunmüddətli əməliyyat tələblərinə uyğun olaraq etibarlı, təhlükəsiz, idarəolunan və dayanıqlı şəkildə fəaliyyət göstərməsini təmin etməkdir.