AZ
Femmes Digitales təşkilatının ASAN Xidmət, Elm və Təhsil Nazirliyi və Bestcomp Group-un dəstəyi ilə həyata keçirdiyi “STARTECH 2025” proqramının 10-cu regional tədbiri Gəncə şəhərində yerləşən 2 saylı ASAN mərkəzində uğurla keçirildi.
Tədbirdə Gəncə şəhəri və ətraf kəndlərdən olan 12–16 yaş arası 70–80 nəfər məktəbli qız iştirak etdi. Onlar üçün informasiya və kommunikasiya texnologiyaları (İKT), rəqəmsal bacarıqlar və innovasiya mövzularında maarifləndirici və motivasiyaedici sessiyalar təşkil olundu. İnteraktiv öyrənmə və mentorluq sessiyaları vasitəsilə iştirakçılar texnologiya sahəsində gələcək karyera və təhsil imkanlarını daha yaxından araşdırmaq imkanı əldə etdilər.
2016-cı ildən etibarən həyata keçirilən “STARTECH” proqramı indiyədək Azərbaycanın Masallı, Qəbələ, Quba, Şamaxı, Mingəçevir, Lənkəran, İsmayıllı, Şəki, Naxçıvan və son olaraq Gəncə şəhərində keçirilmiş tədbirlərlə 3000-dən çox məktəbli qızın inkişafına töhfə vermişdir. Proqram ölkə daxilində və beynəlxalq səviyyədə gənc qızların rəqəmsal savadlılığının artırılması və onların STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrində təhsil almalarına və gələcəkdə bu istiqamətdə karyera qurmalarına dəstək vermək məqsədi daşıyır.
“STARTECH 2025” proqramı yalnız öyrənmək deyil, həm də özünəinamın formalaşdırılması, marağın təşviqi və gənc qızların özlərini gələcəyin texnologiya sahəsində innovatorları və liderləri kimi görmələrinə imkan yaratmaqdır,” – deyə Femmes Digitales təşkilatının nümayəndəsi bildirib.
Təhsil və cəmiyyət yönümlü təşəbbüslərin daim dəstəkçisi olan Bestcomp Group-un nümayəndələri tədbirə töhfə verməkdən qürur duyduqlarını bildiriblər. Onlar qeyd ediblər ki: “Texnologiya və innovasiya sahələrində gələcək nəsli gücləndirmək təkcə sosial məsuliyyət deyil, eyni zamanda daha parlaq və inklüziv gələcəyə yönəlmiş strateji sərmayədir.”