AZ
26 noyabr 2025-ci ildə Bakıda keçirilən 20-ci Yubiley Beynəlxalq Caspian Investment Forum regional və qlobal iqtisadiyyatın aparıcı simalarını bir araya gətirdi. Forum çərçivəsində sərmayə mühitinin hazırkı vəziyyəti, gələcək inkişaf meylləri, kapital axınları və innovativ maliyyə alətləri mövzusunda geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə yalnız Azərbaycandan deyil, həmçinin Çexiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Macarıstan və ABŞ-dan sahibkarlar və investorlar iştirak edərək çoxtərəfli biznes dialoqu formalaşdırdılar.
Bestcomp Group-u tədbirdə Baş İcraçı direktorun müavini, Rəqəmsal Transformasiya üzrə Baş Müdir Orkhan Badalov təmsil edib. O, şirkətlərin rəqəmsal transformasiya prosesinə başlayarkən atmalı olduqları ilkin addımlar, düzgün planlaşdırmanın əhəmiyyəti və təşkilatların bu prosesdə tez-tez buraxdığı tipik səhvlər barədə fikirlərini bölüşüb.
Eyni zamanda, rəqəmsal transformasiyanın əsasən bahalı sistemlər və böyük büdcələrlə assosiasiya olunmasının səbəblərinə toxunaraq əslində bu prosesin doğru yanaşma ilə daha mərhələli, çevik və resurs-səmərəli formada həyata keçirilə biləcəyini vurğulayıb.
Belə tədbirlər regionda əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin və rəqəmsal inkişafın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bestcomp Group olaraq, ölkəmizin və regionun rəqəmsal gələcəyinə töhfə verən təşəbbüslərdə fəal iştirak etməyə davam edirik.