"Bestcomp Group" və "Intel" şirkətləri "Intel Shapes the Future of Technology" adlı konfrans keçirib

1 dekabr 2022-ci il tarixində "Intel" korporasiyası və onun Azərbaycanda Gold statuslu yeganə partnyoru olan "Bestcomp Group" şirkətinin təşkilatçılığı ilə "Intel Shapes the Future of Technology" mövzusunda konfrans keçirilib. 

EMEA (Avropa, Yaxın Şərq və Afrika ölkələri) və MDB regionlarında "Intel" partnyor şəbəkəsinin inkişafı üzrə menecer İolanta Vasilevska qonaqlar qarşısında salamlama nitqi ilə çıxış edərək "Intel" korporasiyası və Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. "Bizim "Bestcomp Group" ilə tərəfdaşlığımız və bu şirkətə təsis edilən bu cür yüksək status "Intel" korporasiyasının bu ölkədə özünü inamlı hiss etməsinə imkan verir. Biz bazarda texnoloji cəhətdən üstünlüyümüzü bərpa etmək arzusundayıq", - İolanta çıxışında belə deyib.

Sonra söz "Intel" korporasiyasının Sənaye texnologiyaları üzrə mütəxəssisi Aleksandr Melnikova verilib. Onun məruzəsinin birinci hissəsi hazırkı "Intel" server prosessorları xəttinə, eləcə də bu istiqamətin inkişaf perspektivlərinə həsr olunub. Aleksandr qeyd edib ki, 2024-cü ildən etibarən server prosessorlarının məhsuldarlıq və ya səmərəlilik baxımından optimallaşdırılmış iki məhsul xəttinə (P (Performance) və E (Efficient)) keçidi planlaşdırılır.

Həmçinin 2024-cü ildə yeni "Intel 3" texnoloji prosesi üzrə iki yeni "Granite Rapids" və "Sierra Forest" ailəsinin buraxılması da rəsmi olaraq təsdiqlənib. Yalnız enerjiyə qənaət edən E nüvələrinə malik yeni "Sierra Forest" CPU (mərkəzi prosessor) seriyası isə birbaşa "ARM" ilə rəqabət aparacaq. "Bugün "Intel" server bazarını tam idarə edir. Tezliklə biz "Sapphire Rapids" adlı 4-cü nəsil "Xeon Scalable" təqdimatının da şahidi olacağıq. Bu, maksimum nüvə sayına malik ən yaxşı modellərdə 1600 mm²-dən böyük sahəyə malik genişmiqyaslı "upgrade" olacaq. Üstəlik, bu prosessorlara səkkiz 64 bitlik DDR5 kanalı, PCIe 5.0 və CXL 1.1 dəstəyi əlavə olunacaq", - deyə, Aleksandr bildirib.

Aleksandr Melnikovun növbəti təqdimatı "Intel vPro" platformasına həsr olunub. Aleksandr qeyd edib ki, müstəsna inteqrə olunmuş həllər və texnologiyalar kompleksi sayəsində müəssisələrin İT heyətləri cihazları və məlumatları qorumaq, habelə kompüter arsenalını idarə etmək və dünyanın istənilən yerindən əməkdaşların məhsuldar işini təmin etmək üçün alətlər əldə edirlər. "Intel vPro" platforması həm də "agile" və miqyaslanabilən olması ilə fərqlənir və cihazları müxtəlif sənaye sahələrində son istifadəçilərin xüsusi tələblərinə cavab verəcək şəkildə fərdiləşdirməyə imkan verir. Bu platforma "Intel Core vPro" prosessorları və iş stansiyaları üçün "Intel Xeon" prosessorları əsasında işləyir ki, onlar da biznes səviyyəli məhsuldarlıq, kompleks aparat təhlükəsizliyi və üstün istifadəçi təcrübəsi təmin edir.

Platformanın mühüm elementi "Intel Hardware Shield" texnologiyasıdır. Bu texnologiya təkmilləşdirilmiş şəkildə təhdidlərin aşkarlanması, tətbiqlərin və məlumatların qorunması, əməliyyat sisteminin səviyyəsindən aşağı təhlükəsizlik təmin edən aparat əsaslı kompleks təhlükəsizlik funksiyalarından ibarətdir. 

"Intel Active Management (Intel AMT) və Intel Endpoint Management Assistant (Intel EMA) texnologiyalarını xüsusilə qeyd etmək lazımdır. Bu texnologiyalar, əməkdaşlarınızın harada işləməyindən asılı olmayaraq, İT mütəxəssislərinə onların kompüterlərinə texniki xidmət və bərpa məqsədilə təhlükəsiz məsafədən giriş aləti təqdim edir", - Aleksandr sözünü belə yekunlaşdırıb və evdə fərdi kompüterə məsafədən qoşulmaqla sözügedən texnologiyanın imkanlarını nümayiş etdirib.

Tədbirin rəsmi hissəsindən sonra konfrans iştirakçıları ünsiyyəti şam yeməyi zamanı qeyri-rəsmi şəraitdə davam etdiriblər.