Bestcomp Group Cisco həllərinə həsr olunmuş tədbir keçirdi

Bestcomp Group Cisco-nun Azərbaycandakı 1-ci səviyyəli tərəfdaşı (1-Tier), kibertəhlükəsizlik və bulud həlləri kimi sahələrdə təchizatçının həllər və məhsullarına həsr olunmuş tədbir keçirdi.

Tədbiri giriş sözü ilə Bestcomp Group-un baş direktorunun müavini Xəlil Ələkbərov açaraq tədbir iştirakçılarına şirkətin yaranma tarixi və strukturu haqqında məlumat verdi. 

Xüsusilə qeyd olundu ki, bugün Bestcomp Group 7 ölkədə təmsil olunur və şirkət sifarişçilərinə yalnız tərəfdaş olduğu 50 - dən çox vendorun məhsul və həllərini deyil, həm də şirkətin özünə məxsus olan 30-a yaxın həllərini təklif etməklə fəaliyyətini regionda genişləndirməyə davam etdirir. O qeyd edib ki, hal hazırda Bestcomp Group-da 50-dən çox beynəlxalq sertifikatlı mühəndis çalışır və onların aldıqları sertifikatların sayı 500-dən çoxdur.  

Xəlil Ələkbərov çıxışında Cisco ilə tərəfdaşlığa xüsusi diqqət yetirib. O qeyd  edib ki, hər iki şirkətin səyləri nəticəsində məlumat mərkəzi həllərinin dizaynı və tətbiqi, informasiya təhlükəsizliyi və telekommunikasiya sahəsində böyük uğurlar əldə edilib. Həmçinin, Bestcomp Group-un MDB ölkələrində “Cisco Master Security Specialization” statusuna malik üç şirkətdən biri olması xüsusil vurğulanıb.

Tədbir Bestcomp Group-un həllər üzrə memarı Məmməd Məmmədovun təqdimatı ilə davam edib və o, iştirakçıları "Cisco SecureX" platforması ilə tanış edib. Məmməd Məmmədov qeyd edib ki, Cisco SecureX platformasının istifadəyə verilməsi kiberhücumların sayının artması və məlumatlara icazəsiz girişin sayının artması ilə bağlı olub. Sistem hazırda informasiya təhlükəsizliyi alətləri portfelinin ayrılmaz hissəsinə çevrilib. "Cisco SecureX" platforması istifadəçilərə bütün informasiya təhlükəsizliyi məhsullarından və infrastrukturundan tam istifadə etmək imkanı verir.

Bestcomp Group-un satışdan əvvəl (pre-sale) meneceri Bəhruz Məmmədov tədbir iştirakçılarına korporativ şəbəkələrdə bulud sisteminin qurulması üçün əvəzsiz olan Cisco Meraki texnologiyası və həlli haqqında danışıb. 

Tədbir iştirakçılarına məlumatların şifrələnmiş kanal vasitəsilə göndərilməsi ilə şəbəkə təhlükəsizliyinin təkmilləşdirilməsi, Meraki Dashboard ilə asan şəbəkə idarəetməsi, məsafədən çalışan ofis üçün şəbəkə infrastrukturunun sıfırdan cəmi 30 dəqiqə ərzində qurulması və sazlanması prosesi, şəbəkə miqyaslanmasının asan olması da daxil olmaqla Meraki texnologiyası əsasında hazırlanmış həllərin xüsusiyyətləri haqqında məlumat verilmişdir. 

Tədbirin rəsmi hissəsi bitəndən sonra qonaqlar qeyri-rəsmi şəraitdə ünsiyyəti davam etdirdilər. Qeyd edək ki, tədbirdə əsasən informasiya təhlükəsizliyi və sistem inzibatçılığı xidmətlərinin rəhbərləri, müəssisənin informasiya təhlükəsizliyi sistemlərinin tətbiqinə cavabdeh olan mütəxəssislər, İT direktorları və İT menecerləri iştirak etmişdilər.