Bestcomp Group Şuşada "Diaspor Gənclərinin III Yay Düşərgəsi"nin tərəfdaşı oldu

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Diaspora Gənclərinin III Yay Düşərgəsi” 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil edilib.


Düşərgədə iştirak üçün 52 ölkəni təmsil edən 116 nəfər gənc seçilib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri vardır.

Düşərgənin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir, tərəfdaşı isə Bestcomp Group şirkətidir.
Yay düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.