Bestcomp Group azad olunmuş ərazilərdəki məktəblər üçün 1000 ədəd kompüter ianə etdi

İyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “Bestcomp Group” QSC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

İmzalanma mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “Bestcomp Group” QSC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib.

İmzalanmış sənədə əsasən “Bestcomp Group” şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.

Muxtar Məmmədov işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi çərçivəsində qurulacaq şəhər və kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir İT infrastrukturunun qurulması məsələsinə toxunub. 

“Bestcomp Group” QSC-nin baş direktoru Fərid Həsənov da öz növbəsində təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərində təkliflərini irəli sürüb.