Məzun günü Azərbaycanın dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra rektor Vilayət Vəliyev çıxış edib. Məzunları təbrik edən rektor deyib ki, pandemiya şəraiti olduğu üçün tədbirə yalnız ümumi orta müvəfəqqiyyət göstərici (ÜOMG) yüksək olan məzunlar dəvət olunub. Rektor tədbirdə iştirak edə bilməyən məzunlara da təbriklərini çatdırıb və gələcək həyatlarında hər birinə uğurlar arzulayıb.

Vilayət Vəliyev bildirib ki, bu il universiteti 1465 nəfər bakalavriat, 288 nəfər isə magistratura səviyyəsində bitirib. Bakalavrlardan 23, magistrlardan isə 140 nəfər fərqlənmə diplomuna layiq görülüb. Builki məzunlar arasında 44 günlük Vətən müharibəsi iştirakçılarının olduğunu da qeyd edən rektor torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlara görə onlara təşəkkür edib. Vətən müharibəsində universitetin 250-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 28 nəfər şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə iştirak edən Bestcomp Group şirkətinin İdarə Heyətinin sədri Rauf Həsənov məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra universiteti fərqlənmə ilə bitirən məzunlara fəxri fərmanlar, Bestcomp Group şirkətinin rəhbərliyi adından qazilərə noutbuklar təqdim olunub.

Bir daha bütün məzunları təbrik edir, onlara gələcək işlərində uğurlar arzu edirik.