26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransının açılış mərasimi keçirilib.

Süni intellekt üzrə Azərbaycanda ilk konfrans olan “AIFORDIGIGOV” “BestComp Group”, PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, və bp şirkətlərinin maliyyə dəstəyi ilə reallaşdırılır. Konfransda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Kanada, ABŞ, Estoniya, Koreya, Almaniya, Sinqapur, İtaliya və s. olmaqla, ümumilikdə 22 ölkədən 56 spiker çıxış edir.

Konfransda iştirak üçün Azərbaycandan 1200-dən çox insan tədbirin rəsmi veb səhifəsi üzərindən qeydiyyatdan keçib. Beynəlxalq tədbir, həmçinin Avropa Şurası Süni İntellekt üzrə Komitəyə üzv ölkələr tərəfindən böyük maraqla qarşılanıb.

Konfransın ilk günündə süni intellektin transformativ gücü, süni intellekt və rəqəmsal idarəetmə, süni intellekt və dövlət xidmətləri, süni intellekt və gələcək mövzularında müzakirə və s. sessiyalar keçirilib. Qeyd edilən mövzularda Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç, Böyük Britaniyada Beynəlxalq Hökumət Xidmətinin baş direktoru və Rəqəmsal Səfir Kevin Kanninqton, ABŞ-ın “Christian Care” şirkətinin Rəqəmsallıq və İnformasiya Ofisinin direktoru Rendi Gaboriolt, italiyalı tədqiqatçı Cianluca Misuraka, Finlandiya Maliyyə Nazirliyinin Rəqəmsallaşma üzrə xüsusi məsləhətçisi Aleksi Kopponen və digərləri çıxış ediblər.

27 aprel tarixində, konfransın ikinci günündə süni intellektin etikası, süni intellekt üzrə dövlət strategiyaları, süni intellekt və fintek, “süni intellekt hər kəsin xeyiri naminə” mövzularında müzakirə və sessiyalar keçiriləcək.

28 aprel tarixində, tədbirin sonuncu günündə səhiyyənin süni intellektlə transformasiyası, süni intellekt və cəmiyyət mövzularında müzakirələr təşkil olunacaq.

Konfrans çərçivəsində, həmçinin “Kaggle” platforması üzərindən müəyyən məsələnin həll olunması üzrə data müsabiqəsi keçiriləcək. Data müsabiqəsinə qatılmaq üçün 185 komanda qeydiyyatdan keçib.