4 dekabr 2018-ci il tarixdə Bakı şəhərində “Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı öz işinə başlayıb. “Yüksək texnologiyalar həftəsi” çərçivəsində baş tutan ənənəvi “Bakutel” sərgisi müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarları bir araya gətirən bir platformadır.

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olublar. Dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verilib. Bildirilib ki, bu ilki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alıblar.

Ənənəvi olaraq BestComp Group şirkəti də Bakutel sərgisində iştirak edib və yeni məhsul və layihələrini sərgi iştirakçılarına təqdim edib. Bu il sərgi iştirakçılarına təqdim etdiyimiz layihələrdən biri – “Təhsilinizə güclü dəstək” şüarı altında Edulicense sosial layihəsidir. Edulicense sosial layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzİnTelecom, BestComp Group, Microsoft Korporasiyasının Azərbaycan təmsilçiliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək, təhsil alanları Microsoft şirkətinin rəsmi lisenziyası olan pulsuz proqram təminatı ilə təchiz etməkdir. Layihə çərçivəsində təhsil alanlara 2 məhsul təqdim edilir: Office 365 Education və Windows 10 Education.

BestComp Group şirkətinin uğurla həyata keçirdiyi fəaliyyətlərdən biri də Dünya Bankı və Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu’ layihəsi çərçivəsində hazırlanmış “AZEMİS” – məhkəmə işlərinin elektron idarəetmə sistemidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab” adlı təşəbbüsə görə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının “Ədalət Mühakiməsinin Büllur Tərəzisi 2017” mükafatına layiq görülmüşdür. Bu təşəbbüs yuxarıda qeyd edilən “AZEMİS” elektron məhkəmə informasiya sisteminin hesabat moduludur və əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir (İntellektual İdarəetmə). Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ analitik hesabatların elektron hazırlanmasını mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır. AZEMİS Bakı şəhəri üzrə bütün məhkəmələrdə, respublika üzrə isə bir sıra bölgələrdə tətbiq edilmişdir.