“BakuTel 2017” sərgisində “Bestcomp Group” şirkəti “Ən yaxşı şirkət təqdimatı” mükafatına layiq görülüb

 

5 dekabr tarixində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı öz işinə başladı və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində “Bakutel-2017” sərgisi ilə tanış olublar.

Bu ilki sərgidə 20 ölkədən 192 şirkət iştirak edib. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alıblar. Eyni zamanda sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunub.

Ənənəvi olaraq Bestcomp Group şirkəti sərgidə iştirak edərək, məhsul və innovativ həllərini, həyata keçirdiyi layihələri və əldə etdiyi ən son nailiyyətləri nümayiş etdirib. Azərbaycan İKT bazarının aparıcı sistem inteqratoru olan Bestcomp Group uğurları sırasına daha birini əlavə edib. Şirkət “Bakutel 2017” sərgi-konfransında fəal iştirakına görə mükafatlandırılıb və ən yaxşı şirkət təqdimatı “Best Company Presentation” sertifikatına layiq görülmüşdür.

Bundan əlavə olaraq Bestcomp Group öz məhsulları ilə yanaşı, partnyorluq etdiyi şirkətlərin məhsullarını da sərgi iştirakçılarına təqdim etmişdir. Stenddə Micro Focus şirkətinin məhsul və həllərinin təqdimatı keçirilmişdir. Həmçinin sərgi iştirakçılarına və qonaqlara Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunmuşdur. Htech Invest şirkəti Azərbaycanda Acer brendi altında kompyuter avadanlığının yığılması ilə məşquldur. Bunlar yalnız ənənəvi fərdi kompüterlər deyil, həm də keyfiyyət və funksionallığa görə xarici istehsaldan geri qalmayan nettoplar və monoblok kompyuterləridir.