Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında bu gün I Xəzər İqtisadi Forumu başa çatdı.

Forum iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynadı.

Forumda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Forum çərçivəsində eyni zamanda Xəzər İnnovasiya Texnologiyaları Sərgisi təşkil olunub. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət və özəl qurumlar iştirak ediblər.

Azərbaycanın milli pavilyonunda yer alan BestComp Group şirkətinin təqdim etdiyi innovativ həllər sərgi iştirakçıları tərəfindən çox maraqla qarşılanıb. Şirkətin sərgidə iştirakının məqsədi yerli və beynəlxalq iştirakçılara telekomunikasiya xidmət və həllərini təqdim etmək, tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsi aparmaq, habelə şirkətin beynəlxalq əlaqələrini genişləndirmək idi. Qeyd edək ki, I Xəzər İqtisadi Forumunda Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan, İran və Rusiya öz pavilyonu ilə təmsil olunurdu.