Bestcomp Group şirkəti və CISCO korporasiyası arasında  birbaşa əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Bestcomp Group CISCO üçün Tier 1, yəni birinci səviyyəli tərəfdaşa çevrilir. Bestcomp Group Azərbaycanda CISCO ilə bu səviyyədə əməkdaşlıq müqaviləsi olan yeganə şirkətdir.

Şirkətin baş direktoru Fərid Həsənov bildirmişdir: “Bu hadisə bizim üçün çox sevindiricidir və Azərbaycan şirkətinin böyük uğurudur. Son illərdə şirkətimiz Data Mərkəz, informasiya təhlükəsizliyi və telekommunikasiya həllərinin layihələndirilməsi və tətbiqi üzrə böyük uğurlara imza atmışdır. Şirkətimiz informasiya təhlükəsizliyi sahəsində MDB məkanında “CISCO Master Security Specialization” statusu olan 3 şirkətdən biridir. Bestcomp Group 2019-cu ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çox sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “CISCO Partner Summit” tədbirində “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilmişdi. Bildirmək istəyirəm ki, bizim 2020-ci ildə CISCO ilə əməkdaşlıq göstəricilərimiz daha da sevindiricidir və biz bu sahədə Azərbaycan bazarında öz lider statusumuzu daha da möhkəmləndirmişik. Bestcomp Groupda CISCO təhlükəsizliyi sahəsində, çox sayda CCIE, CCNP, CCDA, CCNA, ASAAM, layihələrin idarə edilməsi üzrə PRINCE 2, ümumiyyətlə, dünyanın aparıcı İT şirkətlərinin 500-dən çox sertifikatını almış yüksək səviyyəli mütəxəssislər çalışır. Məhz bizim hörmətli sifarişçilərimizin və yüksək səviyyəli mütəxəssislərimizin hesabına biz bu nailiyyətləri əldə etmişik”.

CISCO şirkətinin MDB ölkələrində partnyorla iş üzrə meneceri Sergey Kravçuk Bestcomp Group şirkətinin son nailiyyətləri ilə bağlı təbriklərini bölüşərkən bildirmişdir ki, Bestcomp Group çox layiqli və ciddi işlər həyata keçirir, ilk növbədə “CISCO Master Security Specialization” statusu Bestcomp Group üçün bazarda fərqləndirmə nöqtəsidir, CISCO təhlükəsizliyi üzrə yüksək səviyyəli səriştəyə malik olduğunuzu sübut edir və biz bunu çox yüksək qiymətləndiririk.

Bestcomp Group xarici bazarlarda aktiv çalışan Azərbaycanın aparıcı İT şirkətidir. Yeni nailiyyət Bestcomp Group şirkətinə MDB və Asiya ölkələrində CISCO texnologiyalarının tətbiqi ilə Data Mərkəz, telekommunikasiya həllərinin, kiber təhlükəsizlik sahəsində mürəkkəb layihələrin auditini, planlaşdırmasını, hazırlanmasını, optimallaşdırılmasını, tətbiq edilməsini, dəstəyini həyata keçirmək qapılarını açır.