Xəbərlər

Bestcomp Group "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib. "Bestcomp Group" şirkəti sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan Azərbaycan milli pavilyonunda təmsil olunur. 

 

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş naziri Andrey Kobyakov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də, digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

 

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

 

Bestcomp Group sərgidə elektron məhkəmə, electron sənəd dövriyyəsi, elektron kitabxana və digər proqram təminatı məhsullarını sərgi iştirakçılarına təqdim etmişdir. Ən son texnologiyalar üzərində hazırlanmış həllər izləyicilərin xüsusi marağına səbəb olub.

 

Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib. Sərgi çərcivəsində keçirilən forumda şirkətin baş meneceri Rauf Həsənov Azərbaycan və Belarus arasında əməkdaşlıq münasibətləri haqqında danışıb.