“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ali məktəblərin müəllim və inzibati heyəti üçün “Ali təhsilin rəqəmsal transformasiyası” mövzusunda seminar təşkil edib.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov qeyd edib ki, “Microsoft” korporasiyasının Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.

Emin Axundov bu ilin iyun ayında “Microsoft” və Nazirlik arasında dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında sazişin imzalandığını xatırladıb və bildirib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının, o cümlədən ali təhsil müəssisələrinin kompüterlərini “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin etmək nəzərdə tutulub. Bundan başqa, sazişin bağlanması zamanı “Microsoft” tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da yararlanaraq Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinin fərdi kompüterləri üçün əlavə olaraq pulsuz “Windows” əməliyyat sistemi və “Office 365” proqramı ilə təmin olunacaq. Tələbələr üçün lisenziyalar Edulicense.az internet portalı vasitəsilə distribüsiya edilir. Edulicense – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzInTelecom, BestComp Group və Microsoft Korporasiyasının Azərbaycanda Nümayəndəliyinin müştərək təşəbbüsü ilə təsis edilmiş sosial layihədir.

“Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, – deyə Emin Axundov bildirib.

Tədbirdə, həmçinin, qeyd olunub ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır. IDC-nin (“International Data Corporation”) 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycanda lisenziyasız proqram təminatının istifadəsi əvvəlki illərə nisbətən azalıb. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” korporasiyasının məhsullarıdır.

Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisəsinin rektorları çıxış edib, təhsil ocağlarının rəqəmsal transformasiya təcrübəsi barədə danışıblar.